13 Ekim 2013 Pazar

Yazıram...

İllərdir, roman oxuyuram və bəzən də yazıram, yazmağa çalışıram. Çox azı işıq üzü görüb, kimlərsə tərəfindən oxunub. İtmiş yazılardır artıq hamısı.. İlk zamanlar səbəb istəməməyim idi, yazılarımı oxutmaq istəmirdim. Çünki yazdıqlarımda düşüncələrim, hisslərim vardı, və mən onları açmağa hazır deyildim; İndi hazıram mı? – bilmirəm. Tək bildiyim, son zamanlar heç nəyin məni rahatlada bilməməsidir. Nə etmək istədiyimi, nə etməli olduğumu, ən pisi isə hazırda nə etdiyimi belə bilmirəm. Düşüncələrim də qarışıqdır. Bir şey yazmaq istəyirəm. Bir şey...Nəsə... Adı yoxdu, çünki özüm də onu tanımlaya bilmirəm...Hisslərim, düşüncələrim, beynimi məşğul edən şeylər-sanki yazarsam, daha düzgün anlayacağım şeylər. Sadəcə yazmaq – içimdən keçdiyi kimi, fikirlərimi tam əks edə biləcəyim şəkildə yazmaq istəyirəm...

3 Ekim 2013 Perşembe

Varlıq sadəcə var olandır

   Bəzən düşüncələrim iradəmdən kənar olur... Sanki nə isə eləməliyəm, sanki mənə əmr verilir. Bəlkə də öz ehtiyacımdı və hələ də aşkar edə bilməmişəm... Bu düşüncələrə qapdırıram özümü heç bilmədən. Bir yuxu kimi... Bu zaman sanki düşüncələrimi görürəm, bir an canlanır və hərəkət edirlər... Nədir bunlar - bir uydurma, bir özünüaldatma, bir xəyal və ya xulya mı? Xeyir, deyil. Hələ də nə olduğunu bilməsəm də, var olduğunu bilirəm - sadəcə bunu. Amma yazdıqca daha da ağırlaşır, tapana qədər bu belə davam edəcək.

My Life - köhnə bir yazım :)


Deyirlər ki, öz həyat hekayəni yazanda qələmi başqasının əlinə vermə... Mən bəlkə də artıq normal cəmiyyət qurbanlarından birinə çevrilmişəm. Onlar istədiyi üçün Tibbə daxil olmuşam və hələ də orada oxuyuram. Bəli, qələm onların əlindədir. Belə mi olmalıydı? Tibb - həkimlik çox gözəldir, çox çalışmaq tələb etsə də, gözəldir. Heç vaxt qorxacağımı düşünməzdim uşaq vaxtlarımdan bəri..heç bir canlıdan; hətta vəsvəsələri də uzaq tutmuşdum daima özümdən. Amma artıq qorxuram – gələcəyimdən, istədiyim kimi yaşamayıb peşman olmaqdan. Hələ də vaxt var bəlkə, imkan yarada bilərəm bəlkə. Bu bəlkələri düşünərək keçirdiyim anlarda zaman əleyhimə işləyir, bilirəm. Amma düşünməkdən başqa heç nə edə bilmirəm, əlimdən bir şey gəlmir. Daima verilən sualları cavablamağa yönəltmişəm özümü, cavabını bilmədiyim sual olmasın istəmişəm. Amma mən sadəcə verilə biləcək suallara hazırlaşmışammış. İndi özüm suallar yaradıram, cavablamağa çalışıram. Əlbəttə, bacarmıram... cavabını bilmədiyim sualları bilirəm çünki, ya da cavabından qorxduğum sualları. Nə üçün bu universiteti seçdim?- onlar istədiyi üçün, bəlkə də özümü sınağa saldım ən çətin gələ biləcək seçimi edərək. Sadəcə nəyi istəsəm, edə biləcəyimi özümə isbat etmək istəmişdim, amma dərsimi aldım. Bu çox ağır oldu, məncə. Daha dözə bilməyəcəyim qədər ağır. Istədiyim şey məndən asılı olarkən əlimdən gələn qədər, bəlkə də sadəcə kifayət edəcək qədər çalışıram, sırf ona nail olmaq üçün çalışıram. Amma məndən asılı olmayan şeyləri düşünməmişdim.. Səhv, böyük səhv. Digərlərinin etməli olduqları və əlimdən gəlməyən şeyləri heç mi heç düşünməmişdim. Bu vəziyyətə düşəcəyimi düşünməmişdim. Yəni istəmədiyin bir şeyi etmək bu qədər mi ağır olar?/ Bir şey bu qədər mi uzun müddət dəyişmədən düşüncələrində asılı qalar? Bir səhv bu qədər mi böyük nəticələr doğurar? Sonu başdan yazılıbmış etdiklərimin, sadəcə mən oxumamışdım; bəs indi peşmanam mı?- şübhəsiz; nə edə bilərəm?- bəlkə də heç nə. Amma sadəcə keçmişi dəyişmək üçün heç nə. Gələcəyimi dəyişmək üçün gözləyirəm.
       Gözləyirəm, olacaq, nəsə olacaq. ALLAH bilir məni, düşündüklərimi, hissetdiklərimi. Layiq olsam, əlbət nail olacam istədiyimə. Yetər ki, layiq olmağı bacarım. İndi əlimdən gələn sadəcə budur: istəmək, lap çox istəmək; çalışmaq, kifayət qədər deyil, bacardığım qədər çalışmaq. Layiq olmaq üçün çalışmaq. Və bir gün düşündüklərimin reallaşacağına inanmaq. İSTƏMƏK, ÇALIŞMAQ və İNANMAQ
       Belə... artıq sadəcə doğru olduğuna inandığım və həqiqətən də olmaq istədiyim şəxs olmaq üçün çalışmağı qarşıma qoyuram. İstədiyim kimi yaşamaq, bundan ötrü çalışmaq, daim inanmaq, əl çəkməmək,,, İNŞALLAH alınacaq... 
Sözümə qüvvət bir şeir yazmasam, olmaz indi :)  


Budur həyatdakı gözəllik ancaq:
Qüvvətli yaşamaq, canlı yaşamaq!
Məqsədim, məsləkim, şüarım budur,
Həmən əqidədir, həmən duyğudur.
Gələcək günlərə məni səsləyən,
Bir böyük yarına əməl bəsləyən,
Çarpışan, vuruşan nə bəxtiyardır!

Pages - Menu