7 Mayıs 2015 Perşembe

Həyat bu...


İş masasının qarşısında durdu. Tərəddüddədir... Tәqvim hәlә dә o gündә ilişib qalmışdı. 30 iyun - Atası o tәqvimә son olaraq o tarixdә baxmışdı. Vә yenә, üzәrindәn tam 1 il keçәndәn sonra o da hәmin tәqvimә baxırdı. Hәmin günü tamamilә silmәk istәrdi. Mümkün olsaydı, edәrdi dә. Amma o qaralamaqla kifayәtlәndi. Ailəsinin rəsminə baxır və gözləri dolur yenə: "Bir ay sonra evlənəcəm.. onunla..." Bunu onlarla yaşamaq istәrdi, bәlkә dә hәyatında әn çox bunu istәrdi... Amma hәr istәdiyinin olmadığını öyrәnmişdi artıq.  Artıq onları itirdiyindən tam olaraq 1 il keçib. Dözmür, kompyuteri açır və yazmağa başlayır.

Həyat bu... Sanki gözlərimizi qapayırıq da, açanda insanlar yox olur. Bu gün gördüyümüz, bəlkə sevdiyimiz, bəlkə sadəcə tanıdığımız, bəlkə söhbət etdiyimiz, bəlkə yalnızca salam verdiyimiz, bəlkə göz-gözə gəldiyimiz, bəlkə gülümsədiyimiz, bəlkə hirsləndiyimiz, bəlkə qınadığımız, bəlkə də birgə xəyal qurduğumuz insanlar sabah olmaya bilər. Bilmirik. Bilə bilmərik...
Həyat bu... Zaman axar və uzaqlara götürər bizi. Daim və daim... Hər zaman arxada qoyduqlarımız olar. Kimilərini qoymaq istədiyimizdən, kimilərinisə başqa seçimimiz olmadığından geridə qoyarıq. Bəzən özümüz seçərik bunu, bəzənsə həyat. 
Həyat bu... Durmaz heç zaman. Nə qədər istəsək də, durmaz. Durduğunu düşünsək də, durmaz. Bir an durub geriyə baxdıqda itirdiklərimizi görərik. Və əlimizdən heç nə gəlməz.
Mən bu olanlardan ən çox itirməyi öyrəndim.  İtirmək – bunun mənasını insanlar başa düşürlər mi mənim kimi? Bir daha onları görməyəcəm, səslərini eşitməyəcəm, toxunmayacam, hiss etməyəcəm. Onlar yoxdular, başa düşə bilirlər mi bunu? Onlar artıq yoxdular... Məni tək qoydular. Hamısı birdən. Bu inanılmazdı. Birini belə itirməyi düşünməzkən, hamısı getdi. Necə ola bilər bu? Əlim çatmaz heç birinə. Buna necə dözüm mən? Anlamaq çətindi, bəlkə də mümkünsüzdü. Çünki insan itirmədən anlamaz itirəcəyini – həqiqətən itirəcəyini. Və itirmədən yanındakıların dəyərini də anlamaz. Ətrafımızda həqiqətən dəyərli çox az insan varkən dəyərini bilməməklə risk edirik. İtirmək ehtimalını nəzərə almadan bir-birimizə qarşı səhvlər edir, sonradan peşman olmağı gözə alırıq. İnsan itirməyi heç düşünməz. Həyat verilib və sanki heç alınmayacaq. Günlər, aylar, illər keçər və insan itirər. Bir-bir itirər, bəzənsə birdən itirər. Nədir ki daimi olan? Ah tale... Mən artıq buna inanıram. Hər şey necə olmalıymışsa, elə də olub…
Ana-atasını, bacısını vә qardaşını, yəni bütün ailəsini itirmişdir tam bir il әvvәl. İndi isə o günləri qәlәmә alacaqdı və günlüyündəki əskik olan hissələri tamamlayacaqdı. Uzun zamandı düşünürdü bunu, amma özündә yetәrli gücü tapa bilmirdi. Ona görә daim ertәlәmişdi bu işi. Amma artıq hiss edirdi ki, bu, onu rahatladacaq. Yazma dövrü ağır keçәcәk, bunu bilirdi. Lakin yazmağa dәyәrdi...
O günlәr elә sıradan idi ki... Amma bilirәm, biz bununla xoşbәxt idik. O günlər barədə düşünərkən yadıma o qədər çox az şey gəlir . Yadımdadı, Gabriel Garcia Marquez-in "100 ilin tәnhalığı" kitabını oxuyurdum. Hәr nә qәdәr atam oxuma desә dә, inad elәmişdim sanki. Mәnә ağır gәlәcәyini düşündüyü üçün belә dediyini sanırdım. Әslindә mәnә nәyin maraqlı, nәyin sıxıcı gәlәcәyini bildiyindәn elә deyirdi. Anlamağım çox çәkdi bunu. Ailəm haqda danışarkən hər zaman dediyim bəzi sözlər var. Onları, həyatımdakı rollarını necə ifadə edə bilərəmsə artıq... Atam kitablar barәdә yol göstәrәnim olub daim. Hansı kitabı mütlәq, hansını sadәcә maraq üçün oxumalı olduğumu vә hansına vaxt sәrf etmәmәyi mәslәhәt edәrdi mәnә. Kitabxanası mәnim gözümdә sonsuz idi vә o, sanki bu sonsuzluqdakı hәr kitabdan xәbәrdar idi. Әvәzsiz mәslәhәtçim... Anamsa yormağa qıymazdı mәni. Hәr nazımı çәkәrdi. Nәyi sevib, nәyi sevmәdiyimi әn yaxşı o bilәrdi. Demәdiyim sıxıntılarımı hiss edәrdi. Problem saydıqlarımın әslindә necә kiçik bir şey olduğunu göstәrәrdi. Vә mәnim yorğunluqlarımı sadəcə nəvazişlə keçirərdi. İçim hər zaman rahat olardı onların yanında. Dərdim var idi mi o zamanlar doğurdan da? Nə idi çətinliyim görəsən... Çünki sanki hər şey daima yolunda olmuşdu mənim üçün . Bacım... Hәr sirrimi çәkinmәdәn bölüşdüyüm insan. Valideynlәr hәr zaman hәr şeyi bildiklәrini düşünәrkәn yanılırlar. Daim bir gözdәn baxarlar çünki - öz gözlәrindәn. Amma bacım elə deyildi… Daim onun izindən getməyə çalışırdım. Onun sayəsində öz istәklәrimi gerçәklәşdirmәyi hәyatımın mərkəzinə qoya bilmişdim. Qardaşım... Onda sadәcә uşaqlıq görürdüm. Heç böyümәyәcәkdi sanki. Böyümәdi dә... Doğulduğu andan bәri hәr hәrәkәtini, hәr hissini mәn dә yaşayırdım. Yön vermәyә çalışdığım çox olurdu, amma o öz bildiyi, istәdiyi kimi olmağa davam edirdi. Və daima şən idi…

O gün… Nələr hiss etdiyimi sadəcə mən bilirəm. Boğulurdum… Kənarda nələr baş verdiyini anlamırdım. Amma bunun bir yuxu olduğuna əmin idim niyəsə. Hər kəs gözüyaşlı nədənsə danışırdı. Sanki bir teatr səhnəsi idi və hamı səhnəyə daxil olur, öz sözlərini deyir, çıxışını sonlandırdıqdan sonra isə kənarda bir yerdə dururdu. Anladım… Bu da pis yuxulardan biridir, demək. O həmişə ağlayaraq oyandığım, birini – bir sevdiyimi itirdiyim... Heç sevməzdim bu yuxuları. Kim sevər sanki. Oyanmaq istəyirdim, alınmırdı. Nə baş verdiyini bilmirdim. Amma artıq ağladığımı hiss edirdim. Qəhər boğurdu məni. Udğunmaq, dərindən nəfəs almaq istəyirdim. Amma alınmırdı. O qədər şey düyümlənmişdi ki boğazımda, nəfəs almağıma mane olurdu artıq. Hıçqıraraq ağlamağa başladım sonunda. Atamın iş masasının üstündəki şəklə sataşdı gözüm. Sanki qanım donur o an və orada anlayıram niyə ağladığımı, itirdiyimin kim olduğunu – kimlər… Dördünü də, yəni… bütün ailəmi itirmişdim.
Bir gün... Hər şey bir gündə altüst olmuşdu. Bir qəzada... Mən itirdim... Anamı, atamı, bacımı və qardaşımı itirdim. Sahib olduğum hər şeyi itirdim... Bir gün, bir qəza… Və mənə görə hər şeyin sonu.
O gün xәbәri aldıqdan sonra onları görmәyә getmәk istәdim. Amma o qədər zəif idim ki… Tanış simalar məni otağıma apardı. Bir az dincəlsəm, daha yaxşı olarmış. Daha yaxşı? Artıq necə yaxşı ola bilərəm??? Getdilər, artıq yoxdular… Artıq anama-atama nazım keçməyəcək. Bacımla, qardaşımla heç nəyi müzakirə etməyəcəm. Nə oyunlarımız olacaq, nə mübahisələrimiz... Artıq kitab oxumayacam. Məndə o həvəsi atam yaratmışdı. O ki artıq mənə hansı kitabı oxumaqda yol göstərməyəcək, mən də kitabları atacam. Artıq heç nə bişirməyəcəm. Mən ki onları anama bəyəndirmək üçün bişirirdim. Bacım, qardaşım, uşaqlığımız…Bu düşüncələr rahat buraxmırdı məni. Keçib gedən o anları yenidən tapsam, sonra o üzüldüklərimə üzülməsəm, hər şeyi daha dərin hiss etsəm, daha dərin yaşasam, daha çox hiss edərək... 
O gün hər nə qədər yuxu ilə gerçək həyatımı qarışdırsam da, hisslərimi yazmışdım. Nəyi düşünərək yazdığımı bilmirəm. Ola bilsin, onların verdiyi ağırlıqdan qurtulmaq üçün yazmışdım. Bir şeyə sığınmaq istəmiş və qələmi əlimə almışdım.
"Bu yuxu niyə bu qədər uzun çəkdi axı… Bu ağrı, bu acı bütün mənliyimi bürüyür. Həbs olmuşam içinə və çıxa bilmirəm. Çıxmaq istəyirəm mi - heç onu da bilmirəm. Amma boğazımda düyümlənib qalanlar… Yuxunun bu qədər həqiqi olması sarsıdır məni. Əzab verir artıq. Yoxsa yuxu deyil? YOX, ola bilməz. Bunlar mənim başıma gələ bilməz… Göz yaşlarıma hakim ola bilmirəm. Real olduğuna inanmasam belə, bunlar o qədər ağırdır ki… Niyə yazıramsa artıq... Bilirəm, heç nə əvvəlki kimi olmayacaq. Amma necə olacaq? Mən ki başqa cürünü görməmişəm. Mən onlarsız yaşamağın yolunu bilmirəm... Yatmaq istəyirəm. Bəlkə bu yuxuda yatsam, real dünyaya qayıdaram – sevdiklərimin həyatda olduğu, hələ də yanımda olduğu dünyaya…" 
Bunları yazdım o gün. Sonra... Bir neçə dərman atdım. Və uzanıb gözlərimi yumdum… Bir az əvvəl göz yaşlarım üzümü yandırırdı, amma artıq hiss etmirdim - bütün bədənimin sızıltısı kimi... Səslər yavaş-yavaş uzaqlaşırdı, sonda isə tamam sükut. Qaranlıq idi. Həyatım boyu unuda bilməyəcəyim qədər qaranlıq… 
Bir anda dik atıldım. Gözlərimdə hələ də yaşlar vardı. Əsirdim, amma soyuqdan deyildi bu. Qorxudan idi… Zehnim aydınlandı bir anda. Bacım silkələyirdi məni oyatmaq üçün. Oyandığımda nə olduğunu soruşdu. Bir anda gülməyə başladım. Hamısı yuxu idi. Doğurdan da, bütün olanlar yuxuda baş vermişdi. Elə rahatladım ki… Yenə hamıdan gec oyanmışdım. Səhər yeməyinə çağırırmış məni. Ona elə həsrətlə baxırdım ki… Yuxu həqiqətən sarsıtmışdı məni. Amma... bir qəribəlik vardı… Ətrafım... bəmbəyaz idi. Düşünməyə başladıqca xatırladım. Yuxudan durarkən belə sadəcə bacımı görmüşdüm. İndi isə sadəcə ailəm vardı. Ətrafda heç kim və heç nə görünmürdü. Danışmaq istədim, amma yenə boğulduğumu hiss etdim. Yuxudaki kimi… Qorxdum bir an. Bir titrəmə keçdi içimdən. Yenə gözlərimin yaşardığını hiss etdim. Və bayaq olanların yuxu olduğunu düşündüyüm yadıma düşdü. Halbuki əslində bu olanlar heç bir reallığa sığmırdı. Heç gözləmədiyim bir anda ətrafdakı hər şeydə olan qəribəliyi sezmişdim. Və bu, çox ağır olan bir gerçəyi görməyimə səbəb olmuşdu. Bu yuxu idi. Çünki ailəmlə birlikdə xəyalımda olan bir yerdə idim. Bəyaz qumlarla örtülü və yerlə göyün heç fərqlənmədiyi bir yer… Bu, yuxu idi, çünki ətraf tamamilə boş və səssiz idi. Yuxu idi, çünki mən bura necə və nə zaman gəldiyimizi bilmirdim. Və dünənə dair hər şey sanki hafizəmdən silinmişdi. Tək xatırladığım gördüyüm yuxu idi. Ki artıq onun yuxu olmadığına inanmağa başlamışdım. Hər şey bunu göstərirdi. Olduğumuz yer. Onlara baxdım. Yanımda duran atama, anama, bacıma və qardaşıma… Bir anda fərqinə vardım: hamısının gözü dolmuşdu. Atam:
-        - Artıq geri dönməlisən.
-        - Hara??? – təəccüblə dedim. Bu yuxuydusa belə, əslində nəyin necə olduğunu anlamırdım.
-        - Gerçəkliyə… Artıq bizim olmadığımız həyatına.
-        - Axı…
-        - Hər zaman hiss edəcəksən bizi, buna əmin ol, - gülümsədi - kitabları da atma.
Hər zamanki şən insan… Anama baxdım, o daha hüznlü idi:
-        - Hər şey düzələcək.
-        - Necə düzələ bilər axı. Siz yoxsunuz…
-        - Öyrəşəcəksən. Daha bəsdi, ağlama.
Qardaşım yenə həmişəki şənliyində idi. Saçlarıyla oynadım. Bu dəfə hirslənmədi… Bacımsa gözlərimə baxmadan dedi:
- Biz yaxşıyıq. Sən də yaxşı ol.
Artıq təsəllinin mənə təsiri yox idi. Amma o qədər qarmaqarışıq idim ki… Hər şeyin yuxu olduğuna artıq şübhəm yox idi. Amma… Bütün bunları mən zehnimdə mi quraşdırmışdım?/ Ya həqiqətən onlar mənlə vidalaşırdılar?/ 
-        - Oyanmaq sənin əlindədi… Davam etməsini çox istəyirsən, amma bu, mümkün deyil. Əl çəkmə sevməkdən, istəməkdən, gülməkdən, ağlamaqdan. Əl çəkmə yaşamaqdan…
Bu son cümlə dəfələrlə təkrarlandı zehnimdə. Səsi tanımırdım, amma onlar deyildi. Başqa bir səs idi məni mübarizəyə səsləyən, həyata çağıran.
Oyandım. Bu dəfə tərpənə bilmədim amma. Bədənimin hər zərrəsində ağrı hiss edirdim və bu artıq həqiqətən real həyata qayıtdığıma əmin etdi məni. Tanımadığım biri var idi yanımda, amma gözlərimdəki bulud çəkilmədən getdi. Harada olduğumu çətin başa düşdüm. Xəstəxanada bir palatada idim. Son olanları xatırlamağa çalışdımsa da, olmadı. Onların ölüm xəbərini aldıqdan sonra ev bir anda qohum-tanışlarla dolmuşdu. Arada nələrin olduğuna dair heç bir fikrim yox idi. Xalam məni otağıma aparmışdı dincəlməyim üçün. Və mən dərman içib gözlərimi yummuşdum. Nə olmuşdusa, bundan sonra olmuşdu. O gördüyümün yuxu olduğuna şübhəm yox idi artıq. Əslində tərsinin olmasını – yuxuyla reallığın dəyişməsini o qədər çox istərdim ki… Sonra danışdılar nələr olduğunu. Zəhərlənmişdim. İntihar olduğunu düşünmüşdülər. Əslində ağlıma gəlməmiş deyildi bu. Amma ona belə taqətim yox idi. Sadəcə bir anlıq gerçəklikdən ayrılmaq, yuxuya dalmaq istəmişdim. Nə yuxunun elə olacağından, nə də ölümə yaxınlaşdığımdan xəbərim yox idi. Amma yaxşı ki olmuşdu bu. Onlarla son bir dəfə görüşmüşdüm. Bunların uydurma olmadığına o qədər əmin idim ki…
Onların yasını tutdum, amma anamın sözünü unutmadım və ağlamadım daha. O son görüş içimi elə rahatlatmışdı ki… Hər şeyin öhdəsindən gəlməyimi asanlaşdırmışdı. Onları itirdiyimi anlamışdım, amma tamamilə deyil. Onları ətrafımda deyil içimdə tapdım. Və indi mən onlarla xoşbəxtəm…
Anladım. Həyat bu... Qarşımıza nə çıxaracağı bəlli olmaz. Bəlkə bu gün son günümüz, bəlkə bu an son anımızdır. Bəlkə bu görüş son görüşümüzdür. Bəlkə son gülüşümüzdür bu, bəlkə son ağlayışımız. Bəlkə birini son dəfə görür, səsini son dəfə eşidir, yanımızda son dəfə hiss edirik. Bəlkə son dəfə, həqiqətən, varıq. İndi nəfəs alırıq, demək, indi varıq. Amma bilmirik daha neçə nəfəsimiz qalmış. Neçə bahar, neçə qışımız var önümüzdə. Bilmirik nəfəssiz qalacağımız, gözlərimizi yumacağımız zamana nə qədər qaldığını - neçə il, neçə gün və neçə saat. Ömrümüzün, eynilə də sevdiklərimizinkinin nə zaman bitəcəyindən xəbərsizcə anları yaşayırıq və buna görə, birgə keçirdiyimiz zamanın qədrini bilmirik. Ölümün olduğunu unutduğumuz üçün rahatca mübahisə edirik sevdiklərimizlə, bir gün barışacağımızı düşünərək. Bu gün, bu saat və ya bu dəqiqə ölə biləcəyini düşünsək, belə rahat ola bilərdik mi?Yanılırıq. İtirməyəcəyimizi düşünərək yanılırıq. Bir başqa şansımız olacağını düşünərək yanılırıq. Necə də sadədir yanılmaq…
Bu da mənim xatirələrim… İçimdə o qədər yarım qalan şeylər var ki… Yazarkən o günlərə qayıtdım, belə olacağını bilirdim, amma yarım qalan hisslərim də üzə çıxdı beləcə. Olanlar olub artıq. Əlimdə olan və düzəldə biləcəyim bir şey yox. Amma ən ağır sınaqdan ən böyük dərsimizi almalıyıq, bunu da bilirəm. Mən itirməyi öyrəndim, həyatın hər zaman bitə biləcəyini də. 
Nəticədə, həyat bu... Keçmişimiz vardır - müsbәt-mәnfisiylә dəyişməz bir keçmiş; Sadәcә bu günümüz vardır indi әlimizdә, istәdiyimiz kimi yaşaya biləcəyimiz, sevə biləcəyimiz, gülə biləcəyimiz, düşünə biləcəyimiz; Və də əlimizdə dərdini çəkəcəyimiz bir gələcək yox əslində. Bir həyat ki bu, əlimizdə olanlarla kifayətlənsək, bu günümüzün dəyərini bilsək, keçmişimizə ağlamasaq, gələcəyimizə bel bağlamasaq, sadəcə bu günümüzü yaşasaq, onu yaşamış olarıq. Həyat bu, sadəcə bu…
Yazmaq onu düşündüyündən daha çox ağlatmış, eləcə də rahatlatmışdı.
30 iyul - ata və anasının evlilik ildönümündə hər şeydən əl çəkmək istədiyi zaman əlindən tutan və onu həyata səsləyən biri ilə evlənəcəkdi. Artıq yalnız deyildi. Qəlbində atasını, anasını, bacısı və qardaşını daşıyırdı, amma həyatını daha birilə bölüşəcəkdi. O xoşbəxt idi. Ailəsi də xoşbəxt idi - orda, onun qəlbində


Hiç yorum yok:

Yorum Gönder

Pages - Menu